03.12.2019

Heydər Əliyev Mərkəzində Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Avropa İttifaqı (Aİ), BMT-nin Uşaq Fondu, BMT-nin İnkişaf Proqramı, Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə Avropa İttifaqının maliyyə dəstəyi ilə  “Regional İnkişaf” İctimai Birliyinin və UNİCEF-in birgə istehsalı olan fiziki məhdudiyyətli gənclərin hekayələri ilə bağlı video çarx nümayiş olunub.

Daha sonra Daun sindromlu uşaqların reabilitasiya mərkəzindən olan uşaqların ifasında “Biz bərabərik” rəqsi təqdim olunub, eşitmə və nitq əngəlli uşaqlar 3 nömrəli Uşaqların İnkişaf Mərkəzinin “Vokal klubu”nun üzvləri ilə birgə “Dostluq” mahnısını ifa ediblər.

Tədbir çərçivəsində fiziki məhdudiyyətli şəxslərə qarşı stiqma və stereotiplərin aradan qaldırılması, inklüzivliyin təbliği ilə bağlı müxtəlif əyləndirici və maarifləndirici guşələr yaradılıb.

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin və BMTİP-in Azərbaycandakı Rezident Nümayəndəsi Alessandro Fracassetti iştirak ediblər.